2012-ci ilin may ayından BMqT-nin Azərbaycandakı Nümayəndəliyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) maliyyə yardımı ilə “Azərbaycanda qalan miqrantların həyat yoldaşları və ailə üzvləri üçün biliklərin artırılması və dəstəyin təkmilləşdirilməsi” adlı layihə həyata keçirir. Təklif olunan bu layihə miqrasiya və gender problemləri ilə sıx bağlı olan Azərbaycanın davamlı sosial-iqtisadi inkişaf səylərinə, xüsusən əhalinin bu təcrid olunmuş qrupunu gücləndirməklə töhfə verəcək.

Layihənin məqsədi Azərbaycanda yaşayan miqrantların həyat yoldaşlarının və ailə üzvlərinin hüquqlarının və yaşayış vasitələrinin müdafiəsini yaxşılaşdırmaqdır. Nəzərdə tutulan məqsədə uyğun olaraq, bu layihə iki əsas fəaliyyət istiqamətini təklif edir: hədəf qrupun vəziyyətləri haqqında daha dəqiq və səhih məlumat əldə etmək üçün tədqiqat araşdırması və ciddi ehtiyacı olan şəxslərə məlumatların yayılması və zəruri hüquqi xidmətlərlə dəstək olmaq üçün hüquqi yardım. Layihənin başa çatması ilə bu fəaliyyətlər gözlənilən iki əsas nəticəyə gətirib çıxaracaq; tədqiqatın yekun hesabatı və hədəf qrupunun ən azı 20 nəfərinə hüquqi yardım göstərilməsi.

Yekun hesabatda hədəf qrup üzrə kəmiyyət və keyfiyyət tədqiqatlarının ətraflı təhlili yer alacaq. Hesabat benefisiarların ümumi ehtiyaclarını və onlar üçün nəzərdə tutulan siyasət və sosial müdafiə proqramlarında boşluqları müəyyən edəcək, qərar vericilər üçün strateji tövsiyələr verəcək və müdaxilə fəaliyyətləri təklif edəcək. Əlavə təfərrüatlı sorğular və tədqiqatlar üçün mövzuların qısa xülasəsi, göstərilən hüquqi yardım və onun benefisiarlar üçün təsiri də bu hədəf qrupu, onların xüsusi zəifliklərini nəzərə alaraq, yaşayış vasitələrini, təhsilini, səhiyyəsini və hüquqi yardımını yaxşılaşdırmaq üçün xüsusi layihələr hazırlayan

beynəlxalq təşkilatlar, QHT-lər və digər maraqlı tərəflər üçün dəlillərə əsaslanaraq öz proqramlarının strategiyasının hazırlanmasında və dəstəkləyici mexanizmin effektiv şəkildə fəaliyyət göstərməsində mühüm rol oynayacaqdır.