Azərbaycanda Potensialın Gücləndirilməsi və Texniki Yardım vasitəsilə İnsan Alverinə Qarşı Effektiv Mübarizə üzrə Əməkdaşlıq Tədbirlərinin Artırılması – Faza II və Faza I

2009-cu ilin sentyabrında BMqT 12 aylıq “İnsan Alverinə Qarşı Effektiv Mübarizə üçün Tədbirlər və Əməkdaşlığın Təkmilləşdirilməsi” Layihəsini həyata keçirməyə başladı.

ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən layihə 2008-2009-cu illərdə həyata keçirilən “Azərbaycanda İnsan Alveri Qurbanları üçün Sığınacaq və Qaynar Xəttlərin İdarə Edilməsi üzrə Milli Potensialın Gücləndirilməsi” Layihəsinin davamıdır. BMqT, layihənin icrası zamanı, Azərbaycanda insan alverinə qarşı mübarizə ilə məşğul olan vətəndaş cəmiyyəti təşkilatları (o cümlədən media) və hökumət strukturları ilə sıx və koordinasiyada işləyir.

Layihənin ümumi məqsədi insan alveri qurbanlarının qarşısının alınması, müəyyən edilməsi, istiqamətləndirilməsi və sosial müdafiəsi tədbirlərinin təkmilləşdirilməsi üçün vətəndaş cəmiyyətinin və hökumət tərəfdaşlarının insan alverinə qarşı effektiv cavab tədbirlərinin inkişafına dəstək verməkdir.

Daha dəqiq desək, layihə aşağıdakıları planlaşdırır:

  • insan alveri qurbanlarının, eləcə də potensial insan alveri qurbanlarının müəyyən edilməsi və təhlükəsizliyə və qayğıya yönəldilməsi mexanizminin səviyyəsini artırmaq;
  • bütün QHT-lərə bir-biri ilə əməkdaşlıq etmək və insan alveri problemi ilə səmərəli məşğul olmaq imkanı verən bilik və bacarıqların artırılması məqsədi daşıyan dialoqu təşviq etmək;
  • əhalini qeyri-qanuni miqrasiya riskləri və insan alverinin təhlükələri barədə məlumatlandırmaq;
  • potensialın artırılması və texniki yardım vasitəsilə dövlət orqanları arasında və onlar ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı gücləndirmək.

 

Azərbaycanda potensialın artırılması və texniki yardım vasitəsilə insan alverinə qarşı effektiv mübarizə üçün tədbirlərin və əməkdaşlığın genişləndirilməsi - II Mərhələ

Azərbaycanda potensialın gücləndirilməsi və texniki yardım vasitəsilə insan alveri ilə effektiv mübarizə aparmaq üçün tədbirlərin və əməkdaşlığın gücləndirilməsi - II Mərhələ layihəsi cəmiyyəti qanuni miqrasiyanın faydaları və risklər, qeyri-qanuni miqrasiya ilə bağlı təhlükələr və insan alveri qurbanları haqqında məlumatlandırmaq və insan alveri qurbanlarına öz cəmiyyətlərinə yenidən inteqrasiya etmək istiqamətində onların səylərinə kömək etmək məqsədi daşıyır.

Daha konkret desək, layihə aşağıdakı məqsədlərə nail olmağa çalışır:

  • Ölkəyə, ölkədən və ölkə daxilində əməyin istismarı məqsədilə insan alveri probleminə xüsusi diqqət yetirməklə insan alverinə qarşı mübarizə üçün milli və beynəlxalq potensialı gücləndirmək;
  • Azərbaycandakı QHT-lər və onların insan alveri qurbanlarının ilkin təyinat, tranzit və ya mənşə ölkələrində olan həmkarları arasında səmərəli əməkdaşlıq mexanizmlərinin yaradılmasına dəstəyi davam etdirmək;
  • Qanuni miqrasiyanın faydaları və risklər, qeyri-qanuni miqrasiya ilə bağlı təhlükələr və insan alveri qurbanları haqqında cəmiyyəti məlumatlandırmaqda davam etmək;
  • İnsan alveri qurbanlarına və əməyinin istismarı məqsədilə məcburi əməyə məruz qalmış və ya insan alverinə məruz qalmış şəxslərə öz cəmiyyətlərinə yenidən inteqrasiya etmək səylərində kömək etmək.

Beynəlxalq Miqrasiya Təşkilatı aparıcı qurum kimi bu layihəni öz tərəfdaşları, aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, Əmək Müfəttişliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əhaliyə hüquqi yardım göstərmək üzrə ixtisaslaşmış QHT-lər və BƏT (ILO), ATƏT-in Bakı ofisi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir.

Layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.