Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi insan alveri ilə bağlı özəl sektor üçün seminar keçirdi

Seminarın məqsədi şirkətlər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması və bu cinayətlə mübarizədə özəl sektorun rolunun vurğulanması olub

31 iyul tarixində İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı təşəbbüslərdən biri kimi BMqT-nin Azərbaycandakı nümayəndəliyi nümayəndəliyi insan alveri, onun fəsadları və həlli yolarını müzakirə etmək üçün özəl sektorun nümayəndələri üçün xüsusi seminar təşkil etmişdir. Seminar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən İnsan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət layihəsi çərçivəsində keçrilmişdir.

Seminarın məqsədi şirkətlər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması və bu cinayətlə mübarizədə özəl sektorun rolunun vurğulanması olub. Seminar zamanı insan alverinin effektiv qarşısının alınması və əhalinin həssas təbəqələrinin həyatını yaxşılaşdırmaq üçün özəl sektor, dövlət sektoru və vətəndaş cəmiyyəti təşkilatları arasında tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Açılış nitqi ilə çıxış edən BMqT-nin Azərbaycan nümayəndəlyinin rəhbər əvəzi Taha Amr tanınmış yerli özəl sektor nümayəndələrini, KOS İttifaqlarını, Azərbaycan İnsan Resursları İnstitutunu, müxtəlif dövlət və vətəndaş cəmiyyəti təşkilatlarını bir araya gətirən seminarın əhəmiyyətini vurğuladı.

“Son qlobal hesablamalara görə, 2021-ci ildə 50 milyon insan müasir köləlik şəraitində yaşayırdı və onlardan 28 milyonu məcburi əmək istismarına məruz qalırdı. Sosial və iqtisadi marginallaşma, təhsilin və müvafiq bacarıqların olmaması və əlverişsiz iqtisadi şərait məcburi əmək və insan alverinin digər formalarının baş verməsinin bir neçə səbəbidir”, deyə o qeyd etdi.

Seminarda insan alverinə qarşı mübarizədə özəl sektorun mühüm rol oynadığı vurğulandı. Bildirildi ki, özəl qurumlar insan alverinin stimullaşdırıcıları, qarşısını alanlar və onunla mübarizə aparanlar kimi çıxış edə bilərlər.

Bundan əlavə, insan alveri qurbanlarının reinteqrasiyasında özəl sektorun əhəmiyyəti vurğulanmışdır. İştirakçılar milli səviyyədə insan alverinə qarşı effektiv mübarizədə ortaq məsuliyyəti tanımaq üçün özəl sektor üzvləri arasında məlumatlılığın artırılması və müxtəlif biznes sektorları, şirkətlər, dövlət qurumları və QHT-lər arasında açıq dialoqun qurulmasının zəruriliyini vurğuladılar.

Seminar zamanı özəl sektordan olan ekspertlər və iştirakçılar insan alverinə qarşı mübarizədə, xüsusən də qurbanların reinteqrasiyasının asanlaşdırılmasında özəl sektorun cəlb edilməsində ən yaxşı təcrübələri bölüşdülər. Həmçinin, Azərbaycanda özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olundu.

USAID tərəfindən maliyyələşdirilən İnsan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyəti layihəsi vasitəsilə BMqT qarşısının alınması, müdafiəsi, təqibi və tərəfdaşlıq sahəsində çoxsektorlu fəaliyyəti inkişaf etdirmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir. Layihə insan alveri ilə bağlı ictimaiyyətin məlumatlılığını artırmaq məqsədi daşıyır və sığınacaqları idarə edən, insan alveri, məişət zorakılığı və məcburi əməyin potensial və faktiki qurbanlarına yardım edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi göstərir.