Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi qədim kəhrizlərdə bərpa işlərini sürətləndirir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi qədim kəhrizlərdə bərpa işlərini sürətləndirir

Baku - Hazırda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin mühəndislərinin rəhbərliyi altında kankanlar Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Goranboy rayonunun Qarqucaq/Şəfibəyli kəndləri ərazisindəki Şəfibəyli kəhrizində ənənəvi üsullarla və Ağdam rayonunun Kolqışlaq kəndi ərazisindəki Xanəhməd kəhrizində isə yeni texnalogiyaların tətbiqi ilə bərpa işlərini davam etdirir. Bərpa işlərindən əvvəl hər iki kəhrizdə su axını yox idi. Ağır iş şəraitinə baxmayaraq BMqT nümayəndəliyinin kankanları yaxın zamanda kəhrizlərin bərpasını yekunlaşdırmaq əzmindədirlər.

Qeyd edək ki, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.