Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı “Qanat/Kəhriz bərpası üzrə ən yaxşı təcrübələr” mövzusunda beynəlxalq vebinarda iştirak edib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı “Qanat/Kəhriz bərpası üzrə ən yaxşı təcrübələr” mövzusunda beynəlxalq vebinarda iştirak edib. Photo: IOM

Baku - Yanvarın 27-də UNESCO və Beynəlxalq Qanatlar və Tarixi Hidrovlik Qurğular Mərkəzi (ICQHHS) qanat/kəhriz bərpası ilə məşğul olan müxtəlif ölkələrdən olan alimlərin, təşkilatların və ekspertlərin iştirakı ilə “Qanat/Kəhriz bərpası üzrə ən yaxşı təcrübələr” mövzusunda beynəlxalq vebinar təşkil etmişdir.

Tədbirin məqsədi Qanatların (kəhrizlərin) və digər ənənəvi tarixi hidrotexniki qurğuların bərpası ilə bağlı fikir mübadiləsi və müzakirələr aparmaq, bilik və təcrübələrin ötürülməsi idi.

Tədbirdə BMqT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Arzu Musayev Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Azərbaycanda kəhrizlərin bərpasında tətbiq olunan yeni texnalogiyalara həsr olunmuş “Kəhrizlərin bərpası. Ənənəvi texnologiyadan yeni texnolodiyaya doğru” başlıqlı təqdimatla iştirak etmişdir. Təqdimat böyük marağa səbəb olmuş və iştirakçılar kəhrizlərin bərpasında tətbiq olunan yeni texnologiyaların işi ilə yaxından tanış olmaq istəklərini bildirmişlər.

Qeyd edək ki, hazırda nümayəndəliyin həyata keçirdiyi layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.