Xəbərlər
Local

BMqT Azərbaycan Beynəlxalq Pul Köçürmələri Gününü qeyd edir

Hər ilin 16 iyun tarixində qeyd edilən Beynəlxalq Pul Köçürmələri Günü münasibətilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi öz ailələrinə pul köçürmələri vasitəsilə fədakarcasına maddi yardım göstərən Azərbaycanda işləyən miqrantları, eləcə də xaricdə işləyən Azərbaycanlı miqrantları salamlayır.

BMT Baş Assambleyasının 2018-ci il tarixli qətnaməsi elan edilən bu gün pul köçürmələrinin bir çox insan, ələlxüsus kənd yerlərində yaşayanlar üçün mühüm gəlir mənbəyi, habelə ölkələrin sosial-iqtisadi inkişafı və yüksəlişi üçün bir vasitə olmasını vurğulamaq üçün bir imkandır. 

Beynəlxalq Pul Köçürmələri Günündə BMqT-nin Baş Direktoru António Vitorino bütün miqrantların öz potensiallarını tam reallaşdıra bilmələri üçün onların maliyyə və rəqəmsal inklüzivlyinin asanlaşdırılmasının vacibliyini vurğulayır.

Video ismarıca buradan baxa bilərsiniz: https://lnkd.in/eRQwgxP6

BMqT Azərbaycan və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti də pul köçürmələri üzrə müvafiq Davamlı İnkişaf Məqsədlərinə (Layiqli Əmək və İqtisadi İnkişaf barədə 8-ci DİM) çatmaq üçün BMT və Azərbaycan arasında imzalanmış Əməkdaşlığa dair Çərçivə sənədinin “Həssaslığı azaldan və dayanıqlığı təmin edən inklüziv artım haqqında” 1 saylı prioritet sahəsinə tam uyğun olaraq icra edilən “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi” layihəsi ilə töhfə verir.

Fürsətdən istifadə edərək BMqT Azərbaycan hökumətin, bankların, özəl sektorun və tərəfdaş beynəlxalq təşkilatların rəqəmsallaşdırma və maliyyə inklüzivliyi üzrə fəaliyyətlərini alqışlayır, eləcə də rəqəmsal pul köçürmələrinin inkişafının və pul köçürmələrinin təhlükəsiz və sərfəli şəkildə həyata keçirilməsi ilə əlaqədar miqrantlara köməklik göstərilməsinin davam etdirilməsi istiqamətində səyləri əsirgəməməsini xahiş edir.