Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi insan alveri ilə mübarizə sahəsində çalışan yerli QHT-lərin bacarıqlarının artırılması səylərini dəstəkləməyə davam edir. Bununla əlaqədar olaraq, 12-14 sentyabr tarixləri aralığında Nümayəndəlik ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Insan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində fandreyzinq bacarıqları üzrə təlimçilər qrupunun yaradılması məqsədi ilə QHT nümayəndələri üçün üç günlük təlimçi təlimi təşkil etdi.
Təlimin açılış mərasimində çıxış edən BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev insan alverinə qarşı mübarizə sahəsində çalışan yerli QHT nümayəndələrinə layihələrin davamlılığını artırmaq və maliyyə resurslarını şaxələndirmək imkanı verən fandreyzinq üzrə təlimin əhəmiyyətini vurğuladı.
USAİD-in Azərbaycan üzrə nümayəndəliyinin təmsil edən Pərviz Musayev USAID-in insan alverinə qarşı mübarizə aparan QHT-lərin davamlılığına xüsusi önəm verdiyini və bu baxımdan BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan təlimin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Üç günlük təlimdə “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi, “Azərbaycan Uşaqları” İctimai Birliyi, “Tamas Regional İnkişaf” İctimai Birliyi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İB, Etibarlı Gələcək Gənclər Təşkilatı, XXI Əsrin Qadınları İctimai Birliyi, “Maarifçilik” Azərbaycan Gənclərinin Sosial Yardım Assosiasiyası İB, Quba Regional QHT Resurs və Təlim Mərkəzi, “Ümid Yeri - Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin nümayəndələri insan alverinə qarşı mübarizə sahəsində çalışan öz qurumları və digər QHT-lərin imkanlarını artırmağa imkan verən bacarıq və biliklərlə yiyələnmək, ümumi fandreyzinq prinsiplərinə, qrantların layihələrin hazırlanmasına, büdcələşdirməyə, kraudfundinq və sosial media marketinqinə, eləcə də donor tədqiqatlarına, təbliğat və özəl donor vəsaitlərinin toplanmasına diqqət yetirməklə davamlı fandreyzinq strategiyaları hazırlamaq bacarıqlarınına əldə etmək imkanı qazandılar.
BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.