Xəbərlər
Local

BMqT-nin Azərbaycan nümayəndəliyi insan alverinin potensial və mövcud qurbanlarının xidmətlərə çıxışını asanlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini dəstəkləyir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə insan alverinin mövcud və potensial qurbanlarının xidmətlərdən istifadəsini asanlaşdırmaq üçün Bakıdan kənarda olan icmalara, hakimiyyət orqanlarına, səhiyyə işçiləri və vətəndaş cəmiyyəti üzvlərinə təlim keçmək üçün dəstək verir. Bu məqsədlə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi BMqT-nin dəstəyi ilə avqust ayının 24-də Balakən Respublika Xəstəxanasında Poliklinika şöbəsində “Səhiyyə işçiləri üçün insan alveri qurbanları ilə etik davranış qaydaları” mövzusunda maarifləndirici tədbir təşkil etmişdir.

Səhiyyə müəssisəsinin 17 nəfər əməkdaşlarının qatıldığı təlim səhiyyə işçilərinin insan alveri qurbanlarına qarşı etik müalicə təlimatları və qaydaları, məxfiliyin pozulmasına görə hüquqi məsuliyyətin mövcudluğu haqqında məlumatlarını artırmağa xidmət etmişdir.

Təlim zamanı iştirakçılara, həmçinin İnsan alveri haqqında, insan alveri qurbanları və potensial qurbanlar haqqında, insan alverinin ünsürləri, istismarın növləri, insan alverin qurbanlarının əlamətləri, həmçinin insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı və bu sahədə mövcud olan qanunvericilik haqqında ümumi məlumat verildi. Təlim iştirakçılar tərəfindən verilən sualların cavablandırılması ilə yekunlaşdı.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir və insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.