Xəbərlər
Local

BMqT-nın nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində işgüzar görüş keçirdilər

BMqT-nın nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində işgüzar görüş keçirdilər. Photo: IOM

Oktyabrın 10-da Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşmüşlər. Görüşdə BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə məlumat verdilər.

Görüş zamanı qeyd olunan layihə çərçivəsində rayonun Tatarlı və Şəfibəyli kəndlərində kəhrizlərin texniki qiymətləndirməsinin aparılması ilə bağlı müzakirələr aparıldı. BMqT-nin mütəxəssisləri ümumilikdə Goranboy rayonu ərazisində 8 kəhrizin bərpasının nəzərdə tutulduğunu bildirdilər.

Kəhrizlərin rayon təsərrüfatı üçün mühüm əhəmiyyətini qeyd edən Məhərrəm Quliyev BMqT-nin rayon ərazisində gördükləri işlərə hərtərəfli dəstək verəcəklərini bildirdi.

Qeyd edək ki, BMqT-nin həyata keçirdiyi dörd illik layihə ölkə ərazisində ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.