Xəbərlər
Local

BMqT Şirvanlar kəndində İcmanın məlumatlandırılması üçün görüş keçirdi

BMqT Şirvanlar kəndində İcmanın məlumatlandırılması üçün görüş keçirdi. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri Bərdə rayonunda yerləşən Şirvanlar kəndində 27 nəfər icma üzvünün (10 qadın və 17 kişi) iştirakı ilə yerli icmanın məlumatlandırılması üçün görüş keçirdi. Görüş iştirakçılarına ilk növbədə BMqT haqda, onun ümumi missiyası və təşkilatın Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verildi.

BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə danışdılar. Görüşdə təmir olunacaq kəhrizlərin işlək halda qalmasında layihə benefisiarlarının rolunun yüksək əhəmiyyəti vurğulandı. İcma üzvlərinə layihənin mərhələləri (kəşfiyyat-qazma, su nümunələrinin təhlili, texniki qiymətləndirmə, kəhrizin bərpası, suyun paylanması və s.) barədə də məlumat verildi.

İcma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün Su İstifadəçi Komitələrinə 9 üzv seçildi. Görüşün sonunda icma üzvlərinin onları maraqlandıran suallara cavab almaq imkanı oldu.

Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.