Xəbərlər
Local

BMqT və tərəfdaşları insan alverinə qarşı mübarizənin effektivliyini artırmaqda davam edir

BMqT və tərəfdaşları insan alverinə qarşı mübarizənin effektivliyini artırmaqda davam edir. Photo: IOM

Oktyabrın 4-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə Azərbaycanda insan alverinə qarşı səmərəli mübarizə tədbirlərinin gücləndirilməsinə dair dəyirmi masa keçirmişdir. Tədbirdə Daxili İşlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və onların regional idarələrinin, habelə Dövlət Miqrasiya Xidmətinin, QHT-lərin nümayəndələri iştirak etmişlər.

Dəyirmi masanın təşkilatçıları və iştirakçılar bu sahədə qazandıqları bilik, təcrübələri ilə bölüşmüş, qarşılaşdıqları əsas problemləri haqda fikir mübadiləsi etmişlər. İştirakçılar insan alveri fenomeni və onun yaratdığı risklər barədə geniş ictimaiyyəti məlumatlandırmaq üçün aparılan maarifləndirmə işlərini də müzakirə etdilər.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Mariya Nikolovska hazırda BMqT-nin Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə birgə ABŞ Dövlət Departamentinin, Narkotiklər və Hüquq Muhafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” layihəsi çərçivəsində insan alveri ilə bağlı məlumatlandırma mövzusunda aparılan ictimai kampaniya haqqında geniş məlumat verdi. Kampaniya çərçivəsində Azərbaycanda bu fenomen barədə məlumatlılığı artırmaq üçün bir sıra təbliğat materialları hazırlanaraq yayımlanmaqdadır. Buraya, seminarlar, dəyirmi masalar, sərhəd keçidləri, hava limanlarında, məktəblərdə və digər ictimai yerlərdə keçirilən müxtəlif tədbirlərdə geniş şəkildə yayılan broşuralar, plakatlar daxildir. Kampaniya çərçivəsində yayımlanan təbliğat materialları insan alveri ilə bağlı məlumatlılığı artırmaq, həssas şəxslərin insan alveri qurbanına çevrilməsinin qarşısını almaq və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinin nömrəsini reklam etməklə belə hallar baş verdikdə insanları xüsusi polis şöbəsinə müraciət etməyə təşviq etmək məqsədi daşıyır.

Kampaniya çərçivəsində ictimaiyyətin diqqətini bu fenomenə və onun nəticələrinə yönəltmək, hədəf auditoriyasının biliklərini artırmaq üçün insan alveri qurbanlarının real hekayələrini təqdim edən videoçarx və məqalələr hazırlanaraq yayılmışdır. Azərbaycan və ingilis dillərində hazırlanan material onlayn media kanalları vasitəsilə də yayılır.

Kampaniya çərçivəsində hazırda Bakı metropolitenin stansiyalarında müxtəlif növ istismar, ilk növbədə də əmək və cinsi istismar və onlarla əlaqəli zorakılıqları əks etdirən böyük plakatlar nümayiş olunur.

Dəyirmi masanın sonunda iştirakçılara insan alveri qurbanlarının real hekayələri əsasında hazırlanmış videoçarx nümayiş olundu.