Xəbərlər
Local

İnsan alveri qurbanlarının sığınacaq yerləri təkmilləşdirilir

İnsan alveri qurbanlarının sığınacaq yerləri təkmilləşdirilir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə Niderland Krallığının Xarici Ticarət və İnkişaf Əməkdaşlığı Nazirliyi arasında “Azərbaycanda insan alveri qurbanlarına birbaşa yardım göstərilməsi və sığınacaq yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə onların ehtiyaclarının həll edilməsi” layihəsi çərçivəsində tərəfdaşlıq sazişi imzalanıb.

Sazişi BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Niderlandın ölkəmizdəki səfiri Onno Kervers imzalayıblar.

Layihə Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən idarə olunan sığınacağın texniki potensialını artırmağa imkan yaradacaq, insan alveri qurbanlarına, insan alverinə həssas olan şəxslərə və onların ailələrinə göstərilən qayğı və dəstəyin artırılmasına birbaşa töhfə verəcək. Bundan başqa, layihə insan alverinə məruz qalan insanlar və vətəndaş cəmiyyəti təşkilatları, müvafiq dövlət qurumları və özəl sektor arasında qurbanlara və insan alveri təhlükəsinə məruz qalan şəxslərə qrant verilməsi ilə bağlı praktiki aspektlər üzrə əlaqəni gücləndirəcək. Layihə çərçivəsində insan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyasına dəstək vermək üçün əsas bacarıqlar üzrə təlimlər həyata keçirməklə 20 iştirakçıya fərdi ehtiyaclara uyğun hazırlanmış qrantlar verməklə potensiallarının gücləndirilməsi nəzərdə tutulur.

Ümumilikdə bu layihə birbaşa yardım göstərməklə və sığınacaqlarda yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə insan alveri qurbanlarının və insan alveri təhlükəsi altında olan şəxslərin müdafiəsini təkmilləşdirməklə insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan hökumətinə və vətəndaş cəmiyyətinə kömək məqsədini daşıyır.