Xəbərlər
Local

Onların izi ilə: Ata və Oğul Kankanlarla Müsahibə

Onların izi ilə: Ata və Oğul Kankanlarla Müsahibə. Photo: IOM

Onların izi ilə: Ata və Oğul Kankanlarla Müsahibə. Photo: IOM

Onların izi ilə: Ata və Oğul Kankanlarla Müsahibə. Photo: IOM

Onların izi ilə: Ata və Oğul Kankanlarla Müsahibə. Photo: IOM

Ağdam rayonunda yerləşən kəhriz (ənənəvi, dayanıqlı su təchizatı sistemi) sahəsində işlər sürətlə davam edir. Kankanlar (kəhrizləri qazan və onlara qulluq edən ustalar) növbəti quyunun qazılmasına başlamaq üçün hazırlıq işlərini tamamlayırlar. Onların arasında fərqli yaşlarda iki kankan seçilir. Onlar çiyin-çiyinə çalışan ata və oğuldur.

Ata, Etibar Həsənov 20 ildən artıq təcrübəsi olan yaşlı nəsl kankanlarındandır. O, 90-cı illərdə yaxın qohumunun rəhbərliyi altında kankan peşəsinin sirlərini öyrənməyə başlayıb. Etibar deyir ki, kəhriz suyun səthə çıxarılması üçün nasos tələb etməyən bir su mənbəyidir. Su kəhrizlərdə öz axını ilə yerin səthinə çıxır. Məhz buna görə də kəhrizlər əsrlər boyu insanlar və icmalar tərəfindən istifadə edilmiş, təmir edilmiş, yenidən qurulmuş və saxlanılmışdır.

Lakin 60-cı illərdən başlayaraq Azərbaycanda artezian quyuları ilə yeraltı suların yer üzərinə çıxarılmasına başlanıldıqdan sonra kəhrizlər yeraltı su texnologiyasında yerini itirməyə başladılar. Artan ehtiyacları ödəyə biləcək yeni qurğuların istifadəsi genişləndikcə bir çox kəhrizlərin istifadəsi azaldı. Bu səbəbdən kəhrizlər diqqətdən kənar qaldı, vaxtında təmir və bərpa edilmədi, bu sistemlər yerli əhali tərəfindən lazımi qaydada saxlanılmadı və qorunmadı. Kəhrizlərlə birlikdə kankanların peşəsinə də maraq itdi. Nəticədə Azərbaycandakı kəhriz sistemləri tənəzzülə uğradı və kankanklar peşələrini dəyişmək məcburiyyətində qaldılar.

Etibar kəhrizlərə dönüşü belə izah edir: "Ancaq Sovet İttifaqının dağılması ilə elektrik enerjisi ilə işləyən artezian quyularının istismarı bahalı oldu. Buna görə də bir çox kəndlilər kəhrizləri təmir etməyə başladılar".

Məhz o zamandan etibarən kankanlara tələbat artdı. Qrup şəkilində çalışaraq onlar təcrübə qazandılar və bir neçə ildən sonra bacarıqlarını gənc kankanlara ötürdülər.

"Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin qədim kəhrizlərin bərpası üçün layihə həyata keçirdiyini eşidəndə bu layihəyə qoşulmaq qərarına gəldim. Kankan peşəsi az qala unudulmuşdu və mənim təcrübəm də gərəkli oldu" deyir Etibar.

İndi Etibar yaşlı kankanlardan öyrəndiklərini gələcək nəslə ötürür. Təlimat verdiyi gənc kankanlardan biri də oğlu Tunardır. Hal-hazırda onlar eyni kəhrizdə işləyirlər.

Ata qürurla deyir: "Bu faydalı bir təcrübə idi. Oğlumla bir yerdə işləməkdən, ona bəzi peşəkar məsləhət və istiqamət verməkdən zövq alıram".
25 yaşında olan Tunarın kankan peşəsinə marağın oyanmasında və sonda bu peşəni seçməsində atasının rolu böyük olub. O, deyir ki: "Həmişə kəhrizlərin qazılması və bərpası prosesi məni heyrətləndirdi. Yaxın adamın mənə görəcəyim işi göstərə bilməsi, məsləhət verməsi karyera yolumu seçməyimə çox kömək etdi ".

Tunar kankanların əsasən yerin altında işlədiyini və bu səbəbdən ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına riayət etməli olduqlarını söyləyir: "İşimiz çətin və təhlükəli olsa da çox xoşuma gəlir. Çünki insanlara su veririk”.

Digər tərəfdən, BMqT-nin Azərbaycan nümayəndəliyinin kankanların istifadəsinə verdiyi yeni texnologiyalar və maşınlar onların işini asanlaşdırır, daha təhlükəsiz və daha səmərəli edir. Müasir avadanlıq və texnoloji yanaşmalar bərpa işlərini daha da sürətləndirir.

"Hazırda istifadə etdiyimiz qabaqcıl texnologiyalar əməyimizi asanlaşdırır və vaxta qənaət etməyə imkan verir. BMqT qabaqcıl texnologiyaları istifadə etməyi öyrənməyimiz üçün bizə təlimlər də təşkil edir”, deyir iddialı gənc kankan.

Şaquli və üfüqi qazma qurğuları kimi ən yeni maşınlar sayəsində kankanların işi artıq təkcə əl gücü deyil, həm də intellektual bilik və bacarıqlar tələb edir. "Və bunun üçün texnologiyanı hərtərəfli öyrənməliyik", deyə Tunarın atası və müəllimi Etibar söhbəti yekunlaşdırdı.

Yeraltı suları yer üzünə çıxaran qədim süni tunel sistemləri olan kəhrizlərin bərpası, BMqT-nin Azərbaycanın bölgələrində həyata keçirdiyi ən mühüm və vaxtında görülən işlərdən biridir. Nümayəndəlik 1998-ci ildən etibarən Azərbaycanda kəhrizləri bərpa edir. O vaxtdan bəri Azərbaycanın müxtəlif bölgələrində 160-dan çox kəhriz müxtəlif layihələr çərçivəsində bərpa edilib.

BMqT-nin bu sahədə qazandığı uğurlu və analoqu olmayan təcrübəsinə əsaslanaraq, nümayəndəlik hal-hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsini həyata keçirir. Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə minlərlə ailənin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Əvvəlki layihələr kimi, bu layihə də kəhrizlərin bərpası ilə yanaşı, gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.