Xəbərlər
Local

Özbəkistanda miqrasiya mövzusunda iki günlük təlim sessiyası keçirilib

06-07 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Özbəkistan və Azərbaycandakı nümayəndəliklərinin birgə təşkilatçılığı ilə iki günlük təlim sessiyası keçirilmişdir.

Tədbir BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) layihəsi çərçivəsində təşkil olunub. Layihənin məqsədi miqrasiyanın idarə edilməsi üzrə regional təlim imkanlarının və əməkdaşlığın genişləndirilməsi, təhlükəsiz miqrasiyanın təmin edilməsi üçün onun idarə olunması sahəsində qabaqcıl təcrübələrin və ən uğurlu nümunələrin bölüşülməsidir.

Əsasən Özbəkistanın müxtəlif universitet və institutlarını təmsil edən iştirakçılar üçün təşkil olunan təlim sessiyası BMqT-nin Azərbaycandakı nümayəndəliyinin layihə koordinatoru Mətanət Qəhrəmanovanın MRTM layihəsinin gələcək perspektivlərinə dair giriş nitqi ilə başlayıb. Daha sonra IOM məsləhətçisi İzabel Astor MRTM kurrikulumu mövzusunda qısa təqdimat edib.

Tədbir zamanı 25-29 iyul 2022-ci il tarixlərində Bakıda təlimçilər üçün keçirilən 5 günlük təlimdə iştirak edən MRTM-in təlimçisi, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin professoru Müəttərə Rəhimova beynəlxalq miqrasiya, miqrasiya üzrə beynəlxalq hüquq və siyasət çərçivələri, qeyri-qanuni miqrasiyanın qarşısının alınmasının zəruriliyi, beynəlxalq əmək miqrasiyası, Orta Asiya ölkələrinin miqrasiya siyasəti və digər mövzülar üzrə təqdimatla çıxış edib.

Bundan əlavə, iştirakçılar BMqT məsləhətçisi İzabelle Astorun “Yumşaq təlim bacarıqları: Təlimatçıların təlimi sisteminin komponentləri və təlimçinin rolu” təqdimatı ilə tanış olublar.

MRTM layihəsi çərçivəsində növbəti giriş sessiyasının 13-14 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilməsi planlaşdırılır.