Xəbərlər
Local

Qozlu kəhrizində təmir-bərpa işləri yekunlaş üzrədir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin kankanları (kəhriz ustaları) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun Əhmədağalı kəndində yerləşən Qozlu kəhrizində təmir-bərpa işlərini yekunlaşdırmaq üzrədirlər.

Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.