Xəbərlər
Local

REGİON GƏNCLƏRİ ÜÇÜN BİZNES TƏLİMLƏR

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 2018-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Hökuməti ilə birgə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsini həyata keçirir. Biznes təlimlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində təşkil olunur.

Layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əməkbazarına çıxışa dəstək, potensialların artırılması və s. nəzərdə tutulmuşdur. Bu fəaliyyətlərdən biri də region gəncləri üçün kiçik biznes təlimlərinin təşkilidir. Bu məqsədlə, Quba, Lənkəran və Gəncə şəhərlərində ümumilikdə altmış gənc üçün üç günlük intensiv kiçik biznes təlimləri təşkil olunacaqdır. Təlimi uğurla başa vurmuş və biznes planı qiymətləndirmə komissiyası tərəfindən yüksək qiymətləndirilmiş iştirakçılara mikro sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün qeyri-nağd dəstək göstəriləcəkdir.

Əgər siz də iştirak meyarlarına cavab verir və uğurlu olacağına inandığınız mikro sahibkarlığa dair biznes ideyanız varsa, təlimlərdə iştirak üçün müraciət edə bilərsiniz. Üç günlük biznes təlimləri fevral-mart aylarında keçiriləcəkdir. Yalnız ilkin seçim mərhələsini keçmiş müraciətçilər təlimlərə dəvət olunacaqdır. Təlimlərdə tam və aktiv iştirak edən gənclər biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə edəcəkdir. Qeyd: Heyvandarlıq və quşçuluqla bağlı biznes ideyalara dair müraciətlər qəbul edilməyəcəkdir.

Təlimlərdə iştirak ödənişsizdir və xərclər BMqT tərəfindən qarşılanacaqdır. İştirak üçün yaş məhdudiyyəti 18-35 olaraq müəyyən edilmişdir. Müraciətlər üçün son tarix aşağıdakı kimidir:
 Quba-Qusar-Xaçmaz regionundan olan müraciətlər üçün 24 fevral 2020-ci il
 Masallı-Lənkəran-Astara regionu və Gəncə şəhərindən olan müraciətlər üçün 2 mart 2020-ci il

I.TƏLİMDƏ İŞTİRAK MEYARLARI: KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?
o 18-35 yaş aralığında olmaq
o Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsinə sahib olmaq
o Ən azı orta məktəb məzunu olmaq
o Quba-Qusar-Xaçmaz, Masallı-Lənkəran-Astara regionları və ya Gəncə şəhərində qeydiyyatda olmaq və yaşamaq
o Mikro sahibkarlıq fəaliyyətinə dair parlaq biznes ideyaya malik olmaq

II.NECƏ MÜRACİƏT ETMƏK LAZIMDIR?
o Təlimlərdə iştirak etmək istəyən gənc ilk öncə “İlkin biznes ideya haqqında forma”nı (http://tiny.cc/btelim) dolğun şəkildə doldurub təqdim etməlidir. Bütün suallara aydın, ətraflı və müfəssəl cavablar tələb olunur.
o Sonrakı mərhələdə müraciətçidən şəxsiyyət vəsiqəsi, orta və ya ali təhsil haqqında sənəd (attestat və ya diplom), eləcə də qeydiyyat və yaşayış ünvanını təsdiq edən sənədin surətini təqdim etməsi tələb ediləcəkdir. Tələb olunan sənədlərdən hər hansı biri təqdim olunmadığı təqdirdə müraciət qəbul edilməyəcək.

Əlavə suallar üçün:
 E-mail: parproject@gmail.com / aiskandarov@iom.int
 Whatsapp: 051 250 51 06