Koronavirus pandemiyası Azərbaycanda tibbi maskalar kimi fərdi mühafizə vasitələrinin çatışmazlığına səbəb olub. Təmiz Dunya İctimai Birliyinin sığınacağında məskunlaşan sakinlər tibbi maskaların çatışmamazlığı problemini həlli üçün təqdirəlayiq təşəbbüslə çıxış etmişlər. Sığınacağın sakinləri əllərində olan parça materialları və tikiş maşınlarından istifadə edərək həm özlərinin, həm də işləri ilə bağlı ictimai yerlərdə olmalı olan kommunal işçilərinin istifadə etməsi üçün tibbi maskaları tikməyə başlamışlar.
Sığınacağın məxsus olduğu ictimai birliyin sədri Mehirban Zeynalova bildirdi ki, bu məqsədlə sığınacaq sakinlərinin biznes təşəbbüsləri üçün Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən onlara verilmiş parça və tikiş maşınlarında istifadə edirlər: “Bizim bəzi sakinlərimizə paltar tikişi təlimləri keçilib. Biz sadəcə əlimizdə olan imkandan və bacarığımızdan yararlanıb nəsə etmək istəyirik".
Mehirban Zeynalova, evdə hazırlanan maskaların tibbi maskalara əvəz olmadığını bildiklərini dedi: “Ancaq heç nədənsə tibbi maskaların çatışmamazlığı şəraitində bu da bir çıxış yoludur”.
BMqT-nin Azərbaycan nümayəndəliyi 2015-ci ildən bəri Birləşmiş Ştatların İnkişaf Agentliyinin malyyə dəstəyi ilə “İnsan Alverinə Qarşı Mübarizə” layihəsini həyata keçirməkdədir. Bu layihə çərçivəsində BMqT həm paytaxtda, həm də regionlarda insan alveri və məişət zorakılığı qurbanları üçün nəzərdə tutulan sığınacaqlarda yaşayış şəraitini yaxşılaşdırır, sığınacaq sakinləri üçün təlim keçməklə, lazımi avadanlıq və xammalla təmin etməklə onların sahibkarlıq təşəbbüslərini dəstəkləyir.