Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəsmiləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb

Sentyabrın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və BMqT-nin Cenevrədəki Baş Ofisinin fövqəladə hallar və hazırlıq üzrə baş mütəxəssisi Ertuze Metehan Temurçin ilə görüşüb.
Görüş zamanı qurumlar arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müzakirə olundu.

Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri haqqında məlumat verən Rövşən Rzayev sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğunu, həmçinin onların qayıdışının zəmin yaradacaq ərazilərin minalardan təmizlənməsinə xüsusi önəm verildiyini qeyd etdi.

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllində beynəlxalq təşkilatların, o cümlədən BMqT-nin ölkəmizə yardım göstərməsini, humanitar layihələr həyata keçirməsini razılıq hissi ilə xatırlayan sədr, Böyük Qayıdış dövründə də bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və məşğulluğun təmininə dəstək veriləcəyinə ümid etdiyini bildirdi.

BMqT rəsmiləri təmsil etdikləri qurumun məqsədləri, köçkünlük, qaçqınlıq və miqrasiya məsələlərinin həlli ilə bağlı əməkdaşlıq istiqamətləri barədə məlumat verdilər. BMqT-nin hazırkı dövrdə ölkəmizdə məcburi köçkünlərin ehtiyaclarının qiymətləndirilməsinə xüsusi diqqət yetirdiyi, müvafiq sahə üzrə mütəxəssisin bu məqsədlə ezam olunduğu, zəruri təhlillər aparıb, təkliflər hazırlayacağı diqqətə çatdırıldı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi üçün fikir mübadiləsi aparıldı.