Xəbərlər
Local

Pul köçürmələri Azərbaycanda rayon yerlərinin inkişafına təkan verir

Astara sakinləri onlara göndərilən pul köçürmələrinin şəhər poçt bölməsində almağa gəliblər

Azər Dadaşov, Azərpoçt MMC-nin Lənkəran regional poçt filialının rəisi

Rahib təcili pul köçürmələri alan daimi müştərilərdəndir

Mehriban xanım hər ay öz qohumundan pul köçürmələri almaq üçün poçta baş çəkir

Hər il iyunun 16-da dünya ictimaiyyəti vətənə göndərdikləri pullarla ailə üzvlərini və mənşə icmalarını dəstəkləyən milyonlarla miqrantın zəhməti və fədakarlığı barədə məlumatlılığı artırmaq üçün Beynəlxalq Pul Köçürmələri Gününü qeyd edir.

Bir milyondan çox azərbaycanlı ölkədən kənarda yaşayır, onların çoxu Azərbaycandan xaricdə işləyir və vətənə pul köçürmələri göndərməklə ailələrinə maddi dəstək göstərirlər. Bu, xüsusilə kənd yerlərində ev təsərrüfatları üçün mühüm gəlir mənbəyidir. Pul köçürmələri ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verir.

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) hazırda Azərbaycanda ölkədə pul köçürmələrinin sosial-iqtisadi faydalarını artırmaq üçün layihə həyata keçirib. Təşəbbüslər həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlı miqrantlar və pul köçürmələri alanlar arasında daha çox maliyyə inklüzivasiyasına və rəqəmsal maliyyə xidmətlərindən istifadəyə töhfə vermək məqsədi daşıyır. BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi sayəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə tərəfdaşlıq əsasında həyata keçirilən layihə Azərbaycandan və Azərbaycana pul köçürmələrinin artması fonunda zamanın tələbinə uyğundur.

Pul köçürmələrinin sosial-iqtisadi faydaları əsasən pul köçürmələri xidmətlərinin mövcud infrastrukturu və həm pul köçürmələrini göndərənlərin, həm də alanların maliyyə davranış modelləri ilə müəyyən edilir. Bunun fonunda, pul köçürmələri və pul köçürmələri üzrə mövcud siyasətlər və pul köçürmələrinin istehlak modelləri qiymətləndirilmiş, pul köçürmələri sistemi ilə bağlı bütün maraqlı tərəflərin hərtərəfli təhlili və xəritələşdirilməsi aparılmışdır. Bundan əlavə, layihə çərçivəsində Azərbaycanda rəqəmsal pul köçürmələrinin qəbuluna dair yol xəritəsinin layihəsi hazırlanmışdır.

BMqT-nin layihə əməkdaşı Məhəmməd İbrahimovun sözlərinə görə pul köçürmələri ilə bağlı xidmətlərin rəqəmsallaşdırılması daha çox maliyyə inklüzivliyinə və daha yüksək maliyyə savadlılığına töhfə verir və nəticədə əmanət və investisiya yönümlü maliyyə davranış modellərini həvəsləndirir: “Mövcud rəqəmsal üsullar haqqında məlumatlılığı artırmaq və həm göndərən, həm də qəbul edən tərəflərdə, xüsusən də kənd yerlərində rəqəmsal maliyyə savadlılığını artırmaq çox vacibdir.”

Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, 2022-ci ildə rəsmi pul köçürmələrində daxilolmalarının həcmi 2021-ci illə müqayisədə üç dəfə çox olub: 1,2 milyard ABŞ dollarına qarşı 3,6 milyard ABŞ dolları. 2022-ci ildə Azərbaycana əsas pul köçürmələri üç ölkədən daxil olub: Rusiya Federasiyası, Türkiyə və Amerika Birləşmiş Ştatları.

Azərbaycandan gələn pul köçürmələrinin əks axınının da əsas hissəsi bu ölkələrə yönəlib. Köçürmə məlumatları pul köçürmə operatorları vasitəsilə köçürülən və banklar və milli poçt operatoru olan “Azərpoçt” tərəfindən ödənilən transsərhəd pul köçürmələrinə aiddir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cənub rayonları Azərbaycanda pul köçürmələrindən ən çox asılı olan rayonlar sırasındadır. Azərbaycanın cənubunda yerləşən, 110 mindən çox əhalisi olan Astara şəhəri daxil olan pul köçürmələrinin həcminə görə seçilir.

Azərpoçt MMC-nin Lənkəran regional poçt filialının rəisi vəzifəsini icra edən Azər Dadaşov deyir ki, 2022-ci ildə təkcə Astara şəhərində pul köçürmələrinin həcmi 14 661 158 ABŞ dollarını ötüb və ümumilikdə 16 000-dən çox pul köçürmə müştərisi olub.

 

Rahib Ağayev 15 ilə yaxındır ki, Astara şəhərinin poçt şöbəsi vasitəsilə qohumlarından pul köçürmələri alır. "Mən bu poçt şöbəsinə ayda bir-iki dəfə pul köçürmələri almaq üçün gəlirəm" deyir və əlavə edir ki, bacısı və əmisi Rusiyanın Volqoqrad şəhərində yaşayırlar. Rahib nağd pul köçürmələrindən ailənin fövqəladə halları üçün xərcləri ödəmək üçün istifadə edir.

Bir çox yaşlı insanlar pensiyadan başqa gündəlik ehtiyaclarını ödəmək üçün xaricdən göndərilən pul köçürmələrinə güvənirlər. Onların arasında Mehriban Hacıyeva da var.

“Poçt şöbəsində köçürmələri qəbul etmək mənim üçün daha rahatdır, çünki uzun növbələr yoxdur. Aldığım pul mənə çox kömək edir, xüsusən də dərman almağa”, deyə Mehriban xanım bildirdi.

Vilayət Dünyamalıyev Türkiyə və İran İslam Respublikasında yaşayan ailə üzvlərinin pul köçürmələri şəklində göndərdiyi maliyyə dəstəyi sayəsində anbar biznesini inkişaf etdirə bilib. Biznesi uğurla inkişaf etdiyindən, o, hazırda xaricdə yaşayan ailə üzvlərini yardım edə bilir. “Mən rəqəmsal pul köçürmələrindən istifadə edirəm. Bu, mənim üçün daha rahatdır, mən artıq proseslə tanışam, çünki bizneslə bağlı ödənişləri rəqəmsal yolla etməyi öyrənməli oldum”, - deyə Vilayət bildirib.

Vilayət hesab edir ki, rəqəmsal pul köçürmələri xərcləri azaltmaq və köçürülən pulları qəbul etməyi asanlaşdırmaq üçün həll yoludur. Vilayətin sözlərinə görə, rəqəmsal pul köçürmələrinin əsas üstünlüklərindən biri də odur ki, dərhal pul göndərə və ala bilirsən. “Zaman həyatda ən qiymətli dəyərdir - xüsusilə sahibkarlar üçün”, deyə o, vurğuladı.

BMqT Azərbaycanda rəqəmsal pul köçürmələrinin üstünlüklərindən hamının xeyrinə istifadə etmək üçün hökumətin maraqlı tərəfləri, yerli banklar, diaspor və qeyri-hökumət təşkilatları, eləcə də BMT-nin digər agentlikləri ilə birlikdə işləyir.

*Pul köçürmələri və Azərbaycan haqqında əlavə məlumat üçün Beynəlxalq Miqrasiya Təşkilatının “Pandemiyadan sonrakı Azərbaycanda rəqəmsal pul köçürmələri: Tələb və Təklif tərəflərinin təhlili” qiymətləndirmə hesabatına baxın. https://azerbaijan.iom.int/sites/g/files/tmzbdl1581/files/documents/2023-04/ASSESSMENT%20REPORT%20%28AZE%29.pdf

*Bu məqalədəki müsahibələr Azərbaycanda poçt xidmətinə cavabdeh olan Azərpoçt MMC-nin dəstəyi sayəsində mümkün olmuşdur.